Pensiyaların orta aylıq məbləği 151,3 manata çatıb
15 Oktyabr 2012 Bazar Ertəsi 22:04
DSMF: Əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb.
Bu ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

Belə ki, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunub.

Göstərilənlərlə yanaşı, Azərbaycan prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-cu il yanvarın 1-dən 7,9 faizlik artım tətbiq edilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat, 1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə 100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il tarixə 145,1 manat təşkil edib, hazırda isə 151,3 manata çatıb.

Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb.

Bu sırada 2011-ci ildə həyata keçirilib islahat tədbirləri xüsusilə qeyd olunmalıdır. Həmin tədbirlər çərçivəsində pensiyaların iş stajları əsasında yenidən hesablanması ilə 900 minə yaxın pensiyaçının pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılmışdır. İslahat nəticəsində bu tarixədək 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artıb. Bundan başqa, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb.

Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilib, yəni hər bir şəxsin əmək stajına uyğun olaraq pensiyasının sığorta hissəsi formalaşdırılıb. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin bütün pensiyaçılara şamil olunması deməkdir.

Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb.

Beləliklə, ötən dövr ərzində Azərbaycan prezidenti İlham Əliyevin pensiyaçıların sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar