Fransa şirkəti çəkiləcək tramvay xətlərinin ilkin nümunələrini ictimaiyyətə təqdim edib
Tramvay nəqliyyatını layihələndirməkdə ixtisaslaşan Fransa şirkəti çəkiləcək tramvay xətlərinin ilkin nümunələrini ictimaiyyət nümayəndələrinə təqdim edib. Perspektiv plana əsasən Gəncənin əsas prospektlərindən keçməklə əhalinin daha sıx yerləşdiyi ərazilərə qədər gedib çıxan xətlərin çəkilməsi nəzərdə tutulur. Şirkət çəkilməsi planlaşdırılan 3 marşrut üzrə layihənin başlanğıc formasını nümayiş etdirib. Gəncə üçün yekun layihənin hazırlanması isə 3 ay müddətində başa çatacaq.
SYSTRA şirkətinin layihə direktoru Jilber Rossinyol bunları deyib: “Gəncədə artıq yeni infrastruktur qurulur. Ona görə də biz bura gəldik və öz xidmətimizi təklif etdik. Şəhərin nəqliyyat daşınmasındakı yetərsizlik tramvaya imkan verir ki, boşluğu aradan qaldırsın”.
Xatırladım ki, 1970-ci illərədək Gəncədə tramvay nəqliyyat növü fəaliyyət göstərib. O vaxt bir neçə əsas xətdən ibarət tramvay şəhər sakinlərinin sevimli nəqliyyat vasitəsi olub.
Ekoloji cəhətdən daha səmərəli hesab olunan bu nəqliyyat sisteminin Gəncədə qurulması layihəsinə həm də xətlərə aidiyyatı olan infrastruktur işlərinin görülməsi daxildir.Qeyd edim ki, tramvayın bərpası layihəsini həyata keçirəcək Fransa şirkəti hazırda həm də Bakı Metropolitenində yeni stansiyaların tikintisini həyata keçirir.