Bıstraya poçtaya qadağa qoyuldu
07 Dekabr 2012 Cümə 18:18
Mərkəzi Bank Azərbaycanda bu pul köçürmə sisteminin fəaliyyətini dayandırıb
Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “Bıstraya poçta” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Mərkəzi Bank 2012-ci il 10 dekabr tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar