Bakının küçələrinin yağış suyu problemi həll edilə bilər
20 Noyabr 2012 Çərşənbə Axşamı 14:32
Su təchizatı sisteminin planlaşdırılması üçün geoinformasiya sisteminin tətbiqinə başlayır
“Azərsu” ASC kanalizasiya sistemlərinin cari vəziyyətinin qiymətləndirilməsi və su təchizatı sisteminin planlaşdırılması üçün geoinformasiya sisteminin tətbiqinə başlayır. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Azərsu CIS” - yeraltı infrastrukturun idarə olunması layihəsinin təqdim edildiyi mətbuat konfransında ASC-nin İnformasiya-telekommunikasiya texnologiyaları departamentinin rəhbəri Samir Qənili bildirib. "Geoinformasiya sistemi içməli və çirkab suların infrastrukturunun modelləşdirilməsini və şəbəkə analizini həyata keçirməyə, yağış sularının infrastrukturunun coğrafi inventarizasiyasını aparmağa imkan verəcək", - S.Qənili deyib.
Sistem, həmçinin içməli, çirkab və yağış suları infrastrukturlarını mərkəzləşdirilmiş qaydada idarə etməyə və sahələrdə idarəetmə işlərini həyata keçirməyə imkan verəcək.
“Azərsu CIS” layihəsinin reallaşdırılması ilə geoinformasiya sisteminin qurulmasında böyük təcrübəyə malik olan “Bentley” şirkəti məşğul olur.
S.Qənilinin sözlərinə görə, layihənin reallaşdırılması üç ilə hesablanıb. Layihə interaktiv rejimdə elektron xəritədə məlumatların yerləşdirilməsini nəzərdə tutur. Bu gün sistemin tərkib hissəsinin qurulması və kadrların hazırlanması üzrə işlər praktiki olaraq başa çatıb.
"Həmçinin, layihə çərçivəsində arxiv məlumatlarının kağız daşıyıcılardan elektron varianta köçürülməsi işləri aparılır. Bununla yanaşı, həmin layihə çərçivəsində Bakıda binalar nömrələnəcək ki, bu da binalarda yaşayan abunəçilərin sayı haqqında məlumatları müəyyən etməklə suyun verilməsini nizama salmağa, qəza vəziyyəti barədə məlumatı operativ qaydada əldə etməyə imkan verəcək", - S.Qənili deyib.
DOSTLARINLA PAYLAŞ: