Bakıda yeni evlər bahalaşıb
20 Dekabr 2012 Cümə Axşamı 16:33
Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin oktyabr-noyabr aylarında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, əvvəlki ayda müşahidə edilən cüzi qiymət artımı bu aylarda da davam edib.
Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillər bu faktorda böyük rolu olsa da, qiymət artımına ipoteka krediti bazarının işləməsi, tikinti şirkətlərinin kredit portfelinin həcminin artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nəğd vəsaitlər əldə edən əhalinin bu seqmentə marağının artması da təsir göstərib. Bir çox yeni tikililərdə satışa çıxarılan mənzillərin sayının məhdudlaşması bu binalarda qiymətlərin cüzi də olsa artımına təsirsiz ötüşməyib. Nəticədə alqı-satqı agentliklərinə müraciət edənlərin sayında artım müşahidə edilib. Əgər ilin ortalarında hər bir alqı-satqı ofisinə gün ərzində 2-3 müraciət olunurdusa, oktyabr-noyabr aylarında bu say 3-4 dəfə artıbdır.
Ümumilikdə isə ilkin mənzil bazarına olan maraq əvvəlki illərdəkinə nisbətən hələ də aşağı səviyyədə olaraq qalır. Belə bir tendensiyanın obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də mövcuddur ki, bunlardan seqment üzrə bazar qiymətlərini birbaşa investorların tənzimləməsi, spekulyativ amillərin hökm sürməsi və mənzil tikintisi həcminin ötən illərlə müqayisədə 8-10 dəfə azalması və digər faktorları qeyd etmək olar.
Beləliklə son araşdırmaları nəzərə alsaq, oktyabr-noyabr aylarında təklif portfelində orta qiymətdən yuxarı qiymətə satışa çıxarılan mənzillərin payı artıb. Araşdırma zamanı paytaxt üzrə heç bir yeni tikilinin bünövrəsi qoyulmadığı məlum olub. 419 ədəd yeni tikilidən 1-də satış tamamlandığından siyahıdan çıxarılıb, seqment üzrə satışda olan binaların sayı 418 ədəd olub. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, bir tikinti şirkəti siyahıdan çıxıb (Yasamal rayonunda) və say 148 olub. Satışdan çıxan bina Yasamal rayonu ərazisinə aiddir.
Qeyd etdiyimiz kimi, oktyabr-noyabr aylarında qiymətlərdə artım baş verib, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi 810,5 manata bərabər olub. Bu göstərici əvvəlki ayla (1 kv. m üzrə 805,7 manat) müqayisədə 0,6 faiz artım kimi qeydə alınıb. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 1,0% artımla, ötən ilə nisbətdə isə 2,1 faiz azalma ilə yadda qalıb.
2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 32,1 faiz təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub.
Qiymət dəyişməsi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 1,8 faiz azalma ilə müşahidə edilib. Orta qiymətdə 0,6 faiz artım qeydə alındığından qiymət indeksi ötən aydakı 308.1 səviyyəsindən 1,8 bənd artaraq 309.9 bənd səviyyəsində qərarlaşıb.
DOSTLARINLA PAYLAŞ: