Çox vaxt insanlar mənə qarşı mənfi sözlər deyib, xoşa gəlməyən rəftar edirlər və bu da təbii olaraq mənə pis təsir edir.
Ölkənin ən hündürboy adamı kimi tanınan Aqil Sadıqzadə Kaspi redaksiyasının qonağı olub. Beyləqanın I Aşıqlı kəndində dünyaya gələn rekordçu söhbətində boyunun həyatında yaratdığı problemlərdən danışıb.
Məni həvəsdən salırlar
- İnsanların sual dolu baxışlarına heç tuş gəlirsinizmi?
- Cəmiyyətdə insanların mənə qarşı münasibəti birmənalı deyil. Çox vaxt insanlar mənə qarşı mənfi sözlər deyib, xoşa gəlməyən rəftar edirlər və bu da təbii olaraq mənə pis təsir edir. Cəmiyyətdə olan bu kimi problemlərin düzəlməsini və sağlam cəmiyyətimizin olmasını istərdim. Mən də sizlərdən biriyəm. 2 metr 20 santimetr boy nədir ki? Mən buna adi baxıram, gündəlik həyatımda buna alışmışam. O qədər də qeyri-adi baxılmasını istəmirəm. Kimisi baxıb çəkinir, qorxur, gülür. Belə olmağımı mən də istəməzdim. Ümumiyyətlə, kütlənin çox olduğu yerlərdən qaçmıram. Mən də özümü onlardan biri hesab edirəm. İstərdim ki, onlar da mənə qeyri-adi bir insan kimi baxmasınlar. Mən insanların pisliyi üçün heç nə etmirəm. Elə insanlar var ki, boyu normaldır, ancaq oğurluq edir, cəmiyyətə qarşı ziyanlı işlərlə məşğuldurlar. Çalışıram ki, özümü insanlardan fərqli hesab etməyim.
- Hazırda nə işlə məşğulsunuz?
- İşləmirəm. Ali təhsilim də yoxdur. Ancaq incəsənətə böyük marağım var.
Televiziyalarda yarışmalara qatılıram, aktyor kimi verilişlərdə iştirak edirəm. İstərdim ki, ölkəmizin teatr prosesində yaxından iştirak edim. Həmçinin kino sahəsində də özümü sınamaq istərdim. Düşünürəm ki, Azərbaycanda mənim kimi hündürboy insan və aktyorlar yoxdur. Bəlkə bu sahədə böyük uğur əldə edə bilərik. Yaxşı aktyorlar var, ancaq mənim kimi ucaboy olanı yoxdur. Əcnəbi və yerli filmləri izləyirəm, orada da ucaboy aktyor görməmişəm. Bu sahə üzrə ixtisaslaşmaq istəyərdim. Həmçinin, Beyləqan rayonunun xalq teatrının aktyoru kimi fəaliyyət göstərirəm. Rayonumuzdan olan Nuşirəvan Rəhimov adlı aktyor isə Azərbaycanın ən balaca boylu insanıdır ki, 1 metr 20 santimetr hündürlüyündədir və biz onunla birgə kiçik tamaşalar hazırlayırıq. Belə kiçik həcmli tamaşayla paytaxt televiziyasında müsabiqədə iştirak edirik. Televiziyada layihələrin birində qadın obrazını canlandırmışdım, ancaq çox adam bunu mənə yaraşdırmadı. Kişi qadın rolu ifa etməz dedilər. Bu kimi sözlərlə məni həvəsdən salırlar.
- İş üçün hansısa təşkilata müraciət etmisinizmi?
- Oxumaq üçün səsim pis deyil. Ancaq səsi güclü insanların içində oxumaq istəmirəm. Digər sahələrlə isə ona görə məşğul olmuram ki, fiziki cəhətdən sağlamlığım buna imkan vermir. Həkimlər işləməyimə icazə vermirlər, sümüklərim gücə düşdükdə əyilə bilər. Rayonumuzun deputatı Ayaz Orucov mənə diqqət yetirir. Buna görə ona təşəkkürümü bildirirəm.
- Əvvəllər boyunuzun başqalarından çox hündür olduğunu hiss etdikdə heç sıxıntı keçirirdinizmi?
- Əvvəllər çox sıxıntı keçirirdim, ancaq yavaş-yavaş öyrəşməyə başladım. İnsan alın yazısından qaça bilmir. Allah məni belə yaradıbsa, etiraz etməyə acizəm.
Qızlar məndən qaçırlar
- Nəslinizdə sizdən başqa hündürboylu insan varmı?
- Ailəmizdə hündürboy insan olmayıb. Biz ailədə 5 nəfərik, 3 bacım, atam və mən. Evin böyük övladı mənəm. Nəslimizdə hündürboylu insanlar olub, ancaq mənim kimisi olmayıb. Yəni boyları 1 metr 92 santimetrdən artıq olmayıb. Bilirsiniz, mən Aşıqlı kəndindənəm. “Aşıq” sözü bud, ayaq sümüyünün uzun formasına deyilir. Sümük 40 fəqərədən artıqdırsa, onda o, aşıq sümüyü hesab olunur. Rəhmətlik babam deyərdi ki, biz Uzun Həsənin törəmələriyik. Tarixdə mənim babalarım ucaboylu olub. Deyirlər, ulu babam ata minərkən ayaqları yerə dəyirmiş, mən də ata minərkən ayaqlarım yerə dəyir. Yəni nəinki nəqliyyatda, hətta minik vasitəsi kimi istifadə etdiyimiz heyvanların üstündə belə oturmaq imkanım olmur.
- Həkimlər bunu necə izah edirlər?
- Onların fikrincə, bu, qohum evlilikdən yaranıb. Boyumun uzanması hipofiz vəzinin sürətlə inkişaf etməsindən əmələ gəlib. Həkimlər bunu beyinlə əlaqələndirirlər.
- Məişətdə hansı problemlərlə qarşılaşırsınız?
- Çox vaxt tələsik harasa çıxarkən başım qapıya dəyir və bu məni daha çox əsəbiləşdirir. Bundan başqa, mənə uyğun çarpayı olmadığına görə yerdə yatmaq məcburiyyətində qalıram. Çox arzu edərdim ki, mən də normal çarpayıda yatım. Nəqliyyat vasitələrindən istifadə zamanı böyük problemlərlə qarşılaşıram. Taksidə boynumu əyirəm, bu da başımın ağrımasına səbəb olur. Qatarda ayağım uzun olduğundan otaqdan bayıra, gediş-gəliş xəttinə çıxıb insanlara mane olur. Çox istərdim ki, özümə uyğun avtomobilim olsun. Bunun üçün aidiyyatı dövlət qurumlarından avtomobil verilsəydi, sevinərdim. Bundan əlavə, geyimlərimdə bir çox problemlər yaşayıram. Şalvarımı xüsusi dərziyə tikdirirəm. Ayaqlarım uzun olduğundan heç bir ölçüyə uyğun gəlmir. Bunun üçün xüsusi ayaqqabı tikdirmək məcburiyyətindəyəm.
- Bəs ayaqqabınızı nəyə görə tərsinə geyinmisiniz?
- Ayaq quruluşum çox fərqlidir, çeçələ barmağım baş barmağımdan uzundur. Ayaqqabını düzgün geyindikdə, ayaqlarım çox sıxılır və ağrıyır, hərəkət edə bilmirəm. Məcbur oluram ki, ayaqqabılarımı tərsinə geyinəm. Bunun üçün ayaqqabımı tikdirirəm. Pulsuz olaraq dövlət tərəfindən 4 aydan bir Əhmədli qəsəbəsində yerləşən “Protez Ortopedik Bərpa Mərkəzi” tərəfindən yenilənir.
- Boyunuzun hündür olması özəl həyatınıza necə, mane olmur ki?
- Çox mane olur. Qızlar məndən qorxurlar. Bilmirəm, niyə. Qızlar mənimlə münasibətdən qaçırlar. İstərdim ki, bu müsahibəmdən sonra qızların mənə qarşı baxışı dəyişsin.
- Yaşadığınız rayonda hündürboylu qızlar yoxdur?..
- Düzdür, hündürboylu qızlarımız var, ancaq 1 metr 70-80 santimetr boyundakı qızlar mənə görə balacaboy hesab olunurlar. Qəzetiniz vasitəsilə demək istəyirəm ki, 2 metr, 1 metr 90 santimetr hündürlüyündə qızlarla münasibət qurmaq istərdim.
- Sizcə, hündürboy olmağınızın mənfi və müsbət cəhətləri hansılardır?
- Mənfi cəhəti odur ki, gündəlik həyatda əziyyət çəkirəm. Müsbət cəhəti isə odur ki, hamı məni tanıyır, ucaboyluğum mənə məşhurluq gətirib. Buna heç də pis baxmıram. Boyuma görə də bir sıra televiziya verilişlərinə dəvət almışam. Ancaq normal olsaydım, belə verilişlərdə asanlıqla iştirak edə bilməzdim.
- Heç düşünmüsünüzmü, boy ölçüləriniz podiuma çıxmağa da uyğun gəlir?
- Gözəl fikirdir. Bu haqda düşünməyə dəyər. Bu da incəsənətin bir sahəsidir, təklif gəlsə, dəyərləndirərəm. Azərbaycanın ən ucaboylu insanı olmağıma baxmayaraq, istərdim ki, adım dövlətin hansısa idarəsində qeyd olunsun. Yəni mənim adım hələ də ucaboy insan kimi təsdiqlənməyib. Ölkənin ən ucaboylu adamı olduğumu təsdiqləyən sənədimin olmasını istərdim. Bu işə hansı idarənin baxdığını bilmədiyim üçün heç bir yerə müraciət edə bilmirəm.
- Hərbi xidmətə getmisiniz?
- Getmək istədim. Ancaq mənə söylədilər ki, boyun standarta uyğun deyil, əllərin, ayaqların uzundur. Bu məndən asılı olan səbəb deyil, ancaq mən getmək istərdim.
- Çəkiniz boyunuza uyğun deyil, deyəsən...
- Çəkim boyuma görə çox azdır. Normalda ən azı 100 kilo olmalıyam, ancaq 70 kiloyam. Çəkimi artırmaq istərdim, ancaq bu, qidadan asılı deyil.