Yeni tapıntı yerli tarixçilərin də diqqətini cəlb edib. Uzun müddət yaşadığı ərazinin tarixini və mədəni irsini tədqiq edən Lerik şəhər 3 nömrəli orta məktəbin tarix müəllimi Araz Qurbanov bildirib ki, aparılan elmi-arxeoloji tədqiqatlar bir daha sübut edir ki, alt paleolit, orta paleolit, mezolit dövründən bu günə qədər Lerikdə həyat davam edib.
Yenicə aşkarlanmış daş kitabələr isə bu ərazidə daimi yaşayış məskənin mövcudluğundan, buranın həmin dövrdə qədim dövlətlərdən, yaxud da birlik və tayfalardan hansınınsa birinin siyasi mərkəzlərindən olmasından xəbər verir.
Güman etmək olar ki, daş kitabələrdə həkk olunan yazılar hansısa qədim dini təlimlə bağlıdır. Bu yazılarda həmin dövrün siyasi rəhbərlərindən, tayfa başçılarından özləri, yaxud siyasi hakimiyyətin ərazisi haqqında məlumatlar öz əksini tapıb.
Tədqiqatçı müəllim Əliheydər Əliyevin sözlərinə görə isə daş kitabənin yerləşdiyi ərazidən bir qədər aralıda qədim tikili də mövcud olub. Bunu həmin ərazidən səpələnmiş halda tapılan süxurlar da sübut edir. Belə ki, bu süxurlardan o zaman qədim tikililərin inşası zamanı istifadə edilib.
Ərazidə, həmçinin bulaqların olması və el arasında buranın “kivişə”, yəni iki meşə dərəsi adlandırılması isə Lerikin qədim insan məskəni olduğuna sübut edir.






Şərhlər