Astara Ərçivanı qəsəbə oldu
28 Dekabr 2012 Cümə 17:41
Prezident Astara Ərçivanı kəndinin qəsəbə olması ilə əlaqədar müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsi tərkibindəki Ərçivan kəndinə qəsəbə statusu verilsin, Ərçivan kənd inzibati ərazi dairəsi Ərçivan qəsəbə inzibati ərazi dairəsi hesab ediləcək.
DOSTLARINLA PAYLAŞ: