Bayram günlərində Şahdağ turizm kompleksinə gedənlərin sayı artıb.
Qafqazda analoqu olmayan Qusardakı Şahdağ Yay-qış Turizm Kompleksi bayram günlərində turistlərin marağına səbəb olub. Qışın əsl dadını çıxarmaq istəyənlər bura axışıblar. Artıq 2 mindən çox turist Şahdağda olub.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 7 gün qeyri-iş günü elan olunması yüzlərlə yerli və xarici turistin buraya axın etməsinə səbəb olub. İstirahət üçün bura üz tutan yerli və xarici turistlər əsasən lift bazasına maraq göstəriblər.
Bundan başqa, turistlər xizək sürmək üçün təşkil edilmiş xüsusi meydançalarda da gəzintilərə üstünlik veriblər.
Şahdağ Qış-yay Turizm Kompleksinin nümayəndəsi Mühəndis Qiyasovdan aldığımız məlumata görə, dekabrın 31-dən bu günə kimi kompleksə 2 mindən artıq turist səfər edib. Həftə sonuna kimi bu rəqəmin 3 minə çatacağı gözlənilir.