Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, istedadlı pianoçu Müşfiq Quliyev İtaliyada keçirilən gənc ifaçıların “21-ci əsrin incəsənəti” müsabiqəsinin qalibi olub. “Riqoletto”, “Trubadur”, “Traviata”, “Sevil”, “İntizar” operalarında müxtəlif partiyaların ifaçısı Azər Rzazadə Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinin laureatıdır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert proqramı - Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti dünən baş tutub. Tanınmış caz qrupu tamaşaçılara Kubanın özünəməxsus musiqisi ilə yanaşı, məşhur caz kompozisiyalarını da təqdim edib. “Santiaguero” caz qrupunun janr baxımından çox zəngin olan repertuarına cazibədar etno-caz musiqisi də daxil edilib. Öz ifaları və bəstələri ilə dünyaya səs salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş edib.

Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” caz qrupunun direktoru Fernando Devuardır. Qrupun tərkibinə Ruben Matos, İnosensia Heredia kimi tanınmış musiqiçilər daxildir. “Santiaguero” qrupunun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin və qrupların yaradıcılığından qaynaqlanıb. Qrup dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, musiqi mədəniyyətini təbliğ etmək üçün Şərqi Avropa ölkələrinə qastrol səfərlərində olub.
Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero” septetinin repertuarı özünəməxsusluğu ilə seçilir. Qrup 2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi” mükafatına layiq görülüb.
Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.




Şərhlər