Qəbələdə beynəlxalq musiqi festivalı başlayır
24 İyul 2012 Çərşənbə Axşamı 20:46
Festivalda Azərbaycanın klassik musiqiləri ilə yanaşı dünyanın tanınmış orkestrlərinin ifaları səslənəcək.
Bu gündən Qəbələdə beynəlxalq musiqi festivalı keçirilir. Festivalda Azərbaycanın klassik musiqiləri ilə yanaşı dünyanın tanınmış orkestrlərinin ifaları səslənəcək.

Bu gün Qəbələ rayonunda 4-cü Qəbələ Beynəlxalq musiqi festivalı saat 20:00 radələrində start götürəcək. Musiqi festivalı SSRİ xalq artisti, görkəmli müğənni Müslim Maqomayevin 70 illiyinə həsr olunmuş konsert proqramı ilə kamera musiqi zalında başlayacaq.

Bu ildə hər il olduğu kimi, azərbaycanlı sənətcilərlə yanaşı, ”London Royal” filarmonik orkestri və Rusiyanın “Moskva solistləri” orkestri və “Tartini kvarteti” qonaq qismində çıxışlar edərək, yerli və xarici turistlərin zövqünü oxşayacaq. Konsert proqramında “Qəm etmə”, “Vokaliz”,”Serenada”,” Yasəmən çiçəkləyəndə”, “Sevgili canan”,”Sənə də qalmaz” və digər musiqi kompozisiyaları səsləndiriləcək. M. Maqomayevlə yanaşı Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun və maestro Niyazinin də doğum günləri qeyd olunacaq.

Artıq festivalın hazırlıq işləri və açıq səmada olan səhnəsi də tam hazır vəziyyətdədir. Festival növbə ilə açıq səmada və kamera zalında keçiriləcək.

Qeyd edək ki, 24 iyulda başlayan beynəlxalq müsiqi festivalı avqustun 5-də öz işini yekunlaşdıracaq. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatcılığı ilə keçirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar