İlham Əliyev Şəkiyə səfər edib
17 Noyabr 2011 Cümə Axşamı 20:15
Prezident Şəki İlham Əliyev Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Şəki rayonuna səfərə gəlib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra prezidentin Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.
Prezident voleybol zalına və hovuza baxıb, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış olub. Qeyd edilib ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kv.m olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılıb.
Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcək. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar var. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulub. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait var. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilib. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoyub. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.
Dövlət başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxıb. Bildirilib ki, buradakı “Karvan” restoranında nümunəvi xidmət göstəriləcək.
Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirib.
DOSTLARINLA PAYLAŞ: