Yeni radio Azərbaycanda tıxac problemini aradan qaldırmağa kömək edəcək
03 Aprel 2013 Çərşənbə 11:54
Radio daha çox nəqliyyat sıxlığı çox olan küçələrdə avtomobillərin hərəkətini sıxlıq çox olmayan küçələrə yönəldəcək.
Azərbaycanda yeni yaradılan radio ölkədə tıxac problemini aradan qaldırmağa yardım edəcək. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, nəqliyyatın intellektual idarə edilməsi sahəsində fəaliyyət göstərəcək radio daha çox nəqliyyat sıxlığı çox olan küçələrdə avtomobillərin hərəkətini sıxlıq çox olmayan küçələrə yönəldəcək: “Dünyanın bir çox ölkələrində, məsələn, Koreyada, İngiltərədə, Avstriyada belə radiolar var. Hətta bəzi ölkələrdə nəqliyyat sıxlığı ilə əlaqədar televiziyalar da fəaliyyət göstərir”.
T.Məmmədov deyib ki, qanunvericiliyə uyğun olaraq yeni radio 6 ay ərzində fəaliyyətə başlamalıdır. Yeni radio ümumrespublika yayımçısı olacaq.
Qeyd edək ki, MTRŞ-nın dünən keçirdiyi iclasın qərarına əsasən, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: