Yeni ildə bölgələrdə istirahət necə təşkil olunub?
03 Yanvar 2013 Cümə Axşamı 18:30
Turistlər ən çox “Şahdağ” Qış-Yay Turizm Kompleksinə maraq göstərir.
Hər il olduğu kimi, bu il də turizm zonası olan Qəbələdə yeni il ərəfəsində turistlərin sayı artıb. ANS PRESS-in bölgə müxbiri Günel İsayevanın verdiyi məlumata görə, Yeni il bayramında ölkənin hər bir bölgəsində olduğu kimi Qəbələdə də canlanma hiss olunur. Artıq bir həftədir ki, yağan qar turistlərin dincəlməsinə mane olmayıb. Əksinə, qar qonaqların əyləncəsinə daha bir əyləncə qatıb.

Qeyd edək ki, Qəbələdə 14 istirahət mərkəzi, Olimpiya İdman Kompleksi və bir sıra əyləncə mərkəzləri turistlərlə dolub. Hətta istirahət mərkəzlərində sifarişlər 10 gün qabaqcadan qəbul olunub.

Şəhərin mərkəzi küçələrində yolkalar quraşdırılıb. Qar qız və şaxta baba Qəbələyə gələn turistlərin əyləncəsinə əlavə rəng qatıb. Turistlər arasında əsasən qafqazlılar çoxluq təşkil edir. Qonaqlar arasında Bakı sakinləri də yetərincədir.

Qeyd edək ki, bayramı Qəbələdə keçirmək istəyənlər buradakı istirahət mərkəzlərində bir gün üçün 450 manatdan 850 manata qədər xərcləməli olurlar.

Bayram ərəfəsində Lerikə də turistlər axışır. ANS PRESS-in bölgə müxbiri Esmira İsmayılovanın verdiyi məlumata görə, Lerikə qar yağsa da, bura gələnlərin sayı ötən illərə nisbətən xeyli artıb. Yağan qar gələn turistlər üçün heç bir problem yaratmayıb, əksinə əyləncəni daha da rəngarəng edib.

Buradakı istirahət mərkəzlərində bir gün üçün 100 manat ödəmək lazımdır. Bura səhər-axşam şam yeməyi, şou proqram, diskoteka və bütün əyləncələr daxildir. Turuzm obyektlərinin daimi müştərilərini 20-30% endirim gözləyir. Eyni zamanda 2 gün qalana 3-cü gün pulsuz hədiyyə ediləcək. Lerikin 4 ulduzlu turizm obyektlərində otel qiymətləri hazırda 80-250 manat arasında dəyişir. Rayonun turizm obyektlərində istirahət kifayət qədər yüksək xərc tələb etsə də, keyfiyyəti əsas tutan yerli və əcnəbi turistlər ailəvi istirahət üçün məhz buranı seçir.

Bayram günlərində turistlərin ən çox axışdığı bölgələrdən biri də şimal regionudur. ANS PRESS-in bölgə müxbiri Aytəkin Alxaslının verdiyi məlumata görə, əsas axın Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinədir. Burada dincələnənlər üçün çox gözəl şərait yaradılıb. Burada xizəklə sürüşmək, kanatda getmək və digər əyləncələr təşkil olunub. Bundan başqa, ərazidə istirahət mərkəzləri də fəaliyyət göstərir.

Xaçmaz rayonunda da istirahətə gələnlərin sayında artım müşahidə olunur. Turistlərin diqqətini əsasən dəniz sahilləri cəlb edib. Ümumilikdə Xaçmazla Xudata 500-dən çox turist gəlib. Ərazidə havaların mülayim keçməsi bayramın daha gözəl keçməsinə şərait yaradıb.

Yeni il bayramında turist baxımından korluq çəkən məkan isə Şəkidir. ANS PRESS-in bölgə müxbiri Xatirə Əkbərovanın verdiyi məlumata görə, Şəkidə bayrama çoxdan hazırlıq görülsə də, ötən illərə nisbətən bura gələnlərin sayı az olub. Otellərdə, istirahət mərkəzlərində boş yerlər qalıb.

Şəki kimi Zaqatala və Qax da turist baxımından korluq çəkib. Bayramda Zaqatalaya istirahət üçün demək olar ki, gələn olmayıb. Bunun da səbəbi bölgənin zəlzələ baxımından aktiv olması ilə əlaqələndirilir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar