Xoca filmi "Qızıl portağal" festivalında
03 Oktyabr 2012 Çərşənbə 15:54
Vahid Mustafayevin filmi beynəlxalq festivalda xüsusi dəvətlə iki gün nümayiş ediləcək .
Vahid Mustafayevin "Xoca" filmi Türkiyədə nümayiş etdiriləcək. ANS PRESS-in məlumatına görə, film “Qızıl portağal” film festivalı çərçivəsində təqdim ediləcək. 49-cu Antalya Beynəlxalq “Qızıl portağal ” film festivalı 6-12 oktyabr tarixlərində baş tutacaq.

ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin Xocalı faciəsinin 20 illiyinə həsr etdiyi “Xoca” bədii filmi festival təşkilatçılarının xüsusi dəvəti ilə oktyabrın 7-si və 10-da “Aksin Plaza Salon 3”də nümayiş ediləcək.

Qeyd edək ki, "Xoca" filmi 34-cü Qahirə Beynəlxalq Kinofestivalına da dəvət alıb. Noyabrın 27-dən dekabrın 6-a qədər Misirdə keçiriləcək festivalın münsiflər heyəti adından filmin yaradıcı qrupuna dəvətnamə gəlib.

Qahirə Beynəlxalq Festivalı 1976-ci ildən bəri keçirilir. Festivalda dünya şöhrətli aktyorlar; Marçello Mastroyani, Riçard Gir, Salma Hayek, Tom Berencer, Klaudia Kardinele və digər ulduzlar iştirak ediblər.

Xatırladaq ki, "Xoca" uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir. Türkiyədə də azərbaycanlıların başına gətirilən bu soyqırım haqqında məlumata malikdirlər. Belə ki, 2012-ci il fevralın 26-da faciənin 20 illiyi münasibəti ilə Türkiyədə minlərlə insanın iştirakı ilə Xocalıya aid böyük yürüş keçirilib.

Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar