Xaçmaz rayonuna 2 milyon manat ayrılıb
23 İyul 2013 Çərşənbə Axşamı 19:40
Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi planlaşdırırlır.
Prezident İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Xaçmaz rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul Tipli Elektrik Stansiyası və Olimpiya İdman Kompleksi tikilib, Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub, Regional İnkişaf Mərkəzi yaradılıb, Tarix-diyarşünaslıq və “Xalça” muzeyləri, təhsil, mədəniyyət, turizm və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni istehsal və emal müəssisələri açılıb, yollar çəkilib, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
DOSTLARINLA PAYLAŞ: