Milli Məclisin növbəti plenar iclası oktyabrın 23-də keçiriləcək. Oktyabrın 20-də axşam açıqlanan gündəliyə 12 məsələ daxil edilib. Onların arasında Cinayət və Cinayət-Prosessual məcəllələrinə, Əmək Məcəlləsinə, hərbi xidmət və icra qanunvericiliyinə dəyişikliklər, eləcə də yeni “Aqrar sahə haqqında” qanun layihəsi var. Həmin gün parlamentin komitələrində vətəndaşlara birbaşa toxunan daha bir neçə dəyişiklik müzakirə olunub.
Üçüncü oxunuşda: Cinayət Məcəlləsi və dövlət satınalmaları
Gündəlikdəki iki qanun layihəsi üçüncü, yəni yekun oxunuşda müzakirə ediləcək. Bunlar “Dövlət satınalmaları haqqında” qanuna, həmçinin Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərdir. Üçüncü oxunuşda qəbul olunan qanunlar imzalanmaq üçün Prezidentə göndərilir. Cinayət qanunvericiliyindəki dəyişikliklərin konkret məzmunu gündəlikdə açıqlanmayıb.
İkinci oxunuşda: Əmək Məcəlləsi və icra qaydaları
İkinci oxunuşda deputatlar Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklikləri, “Texniki tənzimləmə haqqında” qanuna dəyişikliyi, eləcə də “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara düzəlişləri müzakirə edəcəklər.
Birinci oxunuşda: hərbi xidmət və yeni aqrar qanun
Birinci oxunuşda baxılacaq layihələr arasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər də var. Gündəlikdə həmçinin yeni “Aqrar sahə haqqında” və “Məhsul şəhadətnaməsi haqqında” qanun layihələri yer alıb. Mülki Məcəllə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara, ayrıca isə Mülki Məcəllə və “İcra haqqında” qanuna dəyişikliklər də birinci oxunuşda müzakirə olunacaq.
İclasda Hesablama Palatasının auditorunun təyin edilməsi və “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiqi haqqında qanun layihəsinə də baxılacaq. Radiorabitə Reqlamenti oktyabrın 20-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib. Sənəd Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq olunacaq.
Söhbət Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü ildə Dubayda keçirilmiş Ümumdünya Radiorabitə Konfransının yekun aktlarından gedir. Bəyanatda Azərbaycan digər üzv dövlətlər ölkənin beynəlxalq səviyyədə tanınan ərazisində onun qanunvericiliyinə zidd telekommunikasiya xidmətləri istismara verərsə, öz maraqlarını qorumaq üçün zəruri tədbirlər görmək hüququnu saxladığını bildirir. Bəyanatda telekommunikasiya sektorunun tənzimlənməsində suveren hüquq xüsusi vurğulanır.
Komitədə: hərbi qulluqçulara həbs əvəzinə cərimə imkanı
Oktyabrın 20-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsində İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə görə, zabit, gizir, miçman və ya müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hərbi hissədən və ya xidmət yerindən özbaşına getsə, yaxud üzrlü səbəb olmadan vaxtında gəlməsə, pozuntu bir gündən on günədək davam etdikdə 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq ediləcək. Hazırda bu xəta üçün 20 günədək inzibati həbs nəzərdə tutulur.
Eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək həbs müəyyənləşir. Qüvvədə olan Məcəllədə bu halda yalnız 15 gündən bir ayadək həbs var. Komitədə məsuliyyətin artırılması ilə yanaşı alternativ cəza kimi cərimənin müəyyənləşdirilməsi mütərəqqi addım kimi dəyərləndirilib.
Əcnəbi aqronomlara iş icazəsi tələb olunmayacaq
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Miqrasiya Məcəlləsinə dəyişiklik də müzakirə edilib. Layihəyə görə, aqropark rezidenti olan hüquqi şəxsin rəhbəri və müavinləri, habelə həmin rezidentin işə cəlb etdiyi təcrübəli aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər iş icazəsi tələb olunmayan əcnəbilərin siyahısına daxil ediləcək.
Mənbə: APA, Metbuat.az




Şərhlər