Təhsil Nazirliyi saxta sənədlərlə işləyən müəllimləri prokurorluğa verib
16 İyul 2013 Çərşənbə Axşamı 16:59
Aşkarlanan saxta təhsil sənədləri barədə məlumatlar Baş Prokrorluğa təqdim olunub.
“Saxta təhsil sənədləri ilə işləyən müəllimlərin aşkar olunması istiqamətində Təhsil Nazirliyi mütəmadi olaraq tədbirlər həyata keçirir”.
Modern.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O qeyd edib ki, ötən il ümumi ölkə üzrə aparılan monitorinqin nəticələri ictimaiyyətə elan olunub və aşkarlanan saxta təhsil sənədləri barədə məlumatlar Baş Prokrorluğa təqdim olunub.
“Onların bəziləri ilə bağlı müəyyən istintaq işləri başa çatıb, digərləri üzrə aparılır. Ancaq hər zaman Təhsil Nazirliyində müəllimlərin işə qəbul prosesində bütün təhsil sənədlərinin həqiqiliyini yoxlayırıq. Sənədlərin saxta olduğunu aşkar etdikdə digər tədbirlər görülür. Qarşıda bizi daha ciddi mərhələ gözləyir. Belə ki, işə qəbul olunacaq 3000-dək müəllimin də təhsil sənədini yoxlamaq qərarına gəlmişik. Həmin yoxlamanın nəticələrinə uyğun olaraq məlumat verə bilərik ki, nə qədər təhsil sənədi saxtadır”.
F.Qədirov müəllimlərin işə müsabiqədənkənar qəbul edilməsi məsələsinə də aydınlıq gətirib.
“Qaydalarda nəzərdə tutulur ki, əgər müəllim məktəbdə 10 ildən çox işləyibsə və işləməkdə davam edirsə, onun yerdəyişməsi barədə müvafiq təlimati sənədlər var, o yerini başqa məktəbə dəyişə bilər. Və yaxud 10 il işləyib, ancaq sonradan hər hansı səbəbdən işdən çıxıb və hazırda işləmirsə, biz onlara şans veririk və onlar bu müsabiqə vasitəsilə də işə qəbul oluna bilsinlər. Ancaq müsabiqədə iştirak etməsələr də, müəyyən vakansiya yarandıqda onlar Təhsil Nazirliyinə müraciət edirlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, onlarıla çox ciddi müsahibə keçirir. Vakant yerə uyğun olduqda, əlbəttə, onları həmin vakant yerlərə göndərmək mümkündür”.
DOSTLARINLA PAYLAŞ: