Sürücülük vəsiqələrinin verilməsi üçün rüsum artırılır
18 Dekabr 2012 Çərşənbə Axşamı 14:51
Sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur.
Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləği artırılacaq. Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin 10 manatdan 20 manata qaldırılması təklif olunur.

Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün nəzərdə tutulan rüsum 5 manatdan 10 manata qaldırılacaq.

Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün rüsum 10 manatdan 20 manata qaldırılacaq.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur.

Belə ki, sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur.

Qanuna edilən yeni əlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib.

Qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar