Sumqayıtdakı EP-300 kompleksində təmir işlərini Siemens şirkəti aparacaq
01 Avqust 2012 Çərşənbə 18:30
Turbokompressorların təmiri bu il ilk dəfə olaraq istehsalçı müəssisənin - «Siemens s.r.o.» firmasının Çexiyanın Brno şəhərindəki ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılacaq.
Azərikimya İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günlərdə başlanmış əsaslı təmir işləri çərçivəsində müəssisənin əsas texniki aqreqatlarından olan turbokompressorların təmiri bu il ilk dəfə olaraq istehsalçı müəssisənin - «Siemens s.r.o.» firmasının Çexiyanın Brno şəhərindəki ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılacaq.

«Azərkimya» İB-dən «APA-Economics»ə verilən məlumata görə, hələ 25 il əvvəl – 1987-ci ildə istismara verilmiş EP-300 kompleksinin turbokompressorları Etilen-polietilen zavodunun işinin təmin edilməsində mühüm rol oynayır.

«Son illərdə «Azərikimya»nın müəssisə və istehsalatlarında aparılan yenidənqurma və müasirləşdirmə tədbirləri həmin kompressorların ən mühüm mexanizminin - buxar turbinlərinin yeniləri, konstruksiya və keyfiyyət baxımından daha mükəmməl olan analoqları ilə əvəz edilməsi zərurətini yaradıb. Odur ki, zavodun builki əsaslı təmirinə hazırlıq işlərinə başlanarkən buxar turbinlərinin Çexiyadan olan istehsalçı müəssisəsi ilə müvafiq müqavilə bağlanılıb» - deyə məlumatda bildirilir.

Çex mütəxəssisləri turbokompressorların yaxın illər ərzində daha keyfiyyətli və etibarlı, boşdayanmalara yol açmadan işləməsi üçün 50-dən artıq adda lazımi ehtiyat hissələrini də bu günlərdə Sumqayıta çatdıracaqlar. «Azərikimya» İB-nin mütəxəssislərinin və peşəkar fəhlələrinin də iştirak edəcəyi təmir işlərinin keyfiyyəti Çexiyadan olan nəzarətçi mütəxəssislər tərəfindən yekun olaraq təftiş olunacaq və hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sentyabrın ilk günlərində tam başa çatdırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar