Sabirabad sakini Kür çayı daşan vaxt evinə dəyən ziyanın düzgün ödənilmədiyini iddia edir.
Sakit Rzayev 3 il əvvəl Sabirabad rayonu ərazisində baş verən çay daşqınları zamanı sel sularına məruz qalan Şıxlar kəndinin sakinidir. Ərazidən su çəkildikdən sonra cəmi bir neçə ay bu evdə yaşaya bildiklərini deyən Sakit Rzayev ailəsi ilə birlikdə evi tərk etmək məcburiyyətində qalıb. Səbəb isə evin yaşanmaz hala gəlməsi olub. Sabirabad sakini deyir ki, kənddə evlərə dəyən ziyanın qiymətləndirilməsi üçün təşkil olunan komissiya onun da evində olub. Lakin verilən qərar ailəni razı salmayıb.
Evə baxış keçirən komissiya üzvlərinin buranı təmir olunmalı evlər kateqoriyasına yazmaları nəticəsində ailəyə təmir məqsədilə 1000 manat pul vəsaiti verilib. Sakit Rzayev isə sözügedən evin yenidən tikintiyə ehtiyacı olduğunu iddia edir. Divarları qamış və palçıqdan ibarət olan ev deformasiyaya uğradığından evdə çökmə prosesi gedir. Vəziyyətin düzgün dəyərləndirilməsi üçün Rzayevlər evə yenidən baxış keçirilməsini istəyirlər.
Ümumi sahəsi 200 kvadratmetr, 3 otaq, 2 eyvandan ibarət ev 1960-cı illərdə tikilib. Sakit Rzayevin sözlərinə görə, yaşadıqları ərazidə onun evi ilə eyni aqibəti yaşayan bir çox evlərin yerində yeniləri inşa edildi. Kənd icra nümayəndəsi Vüqar Babayev isə bildirdi ki, məlum daşqınlar zamanı seldən ziyan görən evlərə FHN tərəfindən tərtib olunmuş komissiya üzvlərinin iştirakı ilə baxış keçirilib. Evlər məruz qaldıqları ziyana uyğun olaraq, təmir, bərpa gücləndirmə və ya tikinti kateqoriyalarına daxil edilib. İcra nümayəndəsi sözügedən ailənin evinə isə təkrar komissiyanın cəlb edilməsinin onların imkanları xaricində olduğunu bildirib.