Samir Şərifov: ““Kapital Bank”ın bir neçə əməkdaşı cəzalandırılıb”
18 İyul 2012 Çərşənbə 22:14
Maliyyə nazirinin iştirakı ilə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın iclası keçirilib.
Azərbaycanın maliyyə naziri Samir Şərifovun iştirakı ilə Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və prosesə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xüsusi Komissiyanın iclasında çıxış edən maliyyə naziri S.Şərifov bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı əmanətlərin qaytarılması ilə bağlı postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variantın məhz Azərbaycanda tətbiq olunduğunu qeyd edib.
“Kapital Bank”ın xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi işinin uğurla davam etdiyini bildirən nazir əlavə edib ki, prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər operativ şəkildə həll edilir və nəzərdə tutulduğu kimi əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonunadək tam şəkildə uğurla başa çatdırılacaq. Nazir eyni zamanda, Xüsusi Komissiyanın qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə icra etdiyini, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərlə bağlı əmanətçilər tərəfindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılaraq müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu günədək Xüsusi Komissiya 1080 ərizə daxil olub ki, bunlar da əsasən itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlıdır. Müvafiq araşdırma aparıldıqdan sonra Xüsusi Komissiya sözügedən müraciətlərdən 976-ı barəsində müsbət, 104-ü barəsində isə əlavə araşdırılmalar aparılması üçün “Kapital Bank”ın müvafiq filiallarına qaytarılmasına dair qərar qəbul edib.
Prosesə ciddi nəzarət olunduğunu vurğulayan nazir qeyd edib ki, indiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan bir neçə “Kapital Bank” əməkdaşı inzibati qaydada cəzalandırılıb. O da bildirilib ki, Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət etməlidirlər.
İclasın işində “Kapital Bank”ın rəhbərliyi, o cümlədən Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.
DOSTLARINLA PAYLAŞ: