Rəhim Qazıyev saxlanılması ilə bağlı açıqlama verib
20 Mart 2013 Çərşənbə 13:14
Sabiq müdafiə naziri Rəhim Qazıyev ailəsinin təhlükəsizliyindən narahat olduğunu bildirib.
Martın 19-da saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyevi gecə saatlarında sərbəst buraxılıb. O, saxlanılması barədə "AzadlıqRadiosu"na münasibət bildirib:

"Mən dünən evdən çıxıb, "AzadlıqRadiosu"nun "İşdən Sonra" verilişinə gəlirdim. Elə evdən bir az aralanmışdım ki, 4 nəfər maskalı şəxs məni arxadan tutdu, özlərini təqdim etmədən qamarlayıb basdılar maşına. Başıma qara torba keçirdilər, özümü də uzandırdılar yerə. Bir də torbanı çıxaranda gördüm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəyəm".

Rəhim Qazıyev deyir ki, saxlanılma səbəbini polisə tabe olmaması ilə əsaslandırılıb.

"Mənə dedilər ki, polisə tabe olmamışam. Harada idi o polis? Nə vaxt mənim evimə gəldilər, nə vaxt məni polisə dəvət etdilər mən getmədim. Saxlayanda da heç olmasa demədilər ki, siz bizimlə getməlisiniz. Məni bu üsulla aparmaqla nə demək istəyirlər, nədən gözümü qorxutmaq istəyirlər? 70 yaşım var. Gözümün odunu ala bilsəydilər, vaxtında alardılar",- deyə sabiq müdafiə naziri bildirib.

Rəhim Qazıyevin sözlərinə görə, saxlanılması bir neçə gün öncə prezidentə ünvanladığı açıq məktubla bağlıdır. Eyni zamanda ailəsinin təhlükəsizliyindən də narahat olduğunu bildirib: "Mən prezidentə təhqir yazmamışam, açıq məktub yazmışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Bu gün yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər. Özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirinə məktub yollayacağam".


DOSTLARINLA PAYLAŞ:

oyunlar