Prezident korrupsiyaya qarşı mübarizənin səviyyəsindən narazıdır
13 Fevral 2013 Çərşənbə 02:52
Bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır.
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcək. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil”. ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
“Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda var. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülüb. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev əlavə edib ki, korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır: “Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar”.
Dövlət başçısı deyib ki, eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır: “Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaq. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaqdır. Ən azı! Ola bilər, başqa şəhərlər də ilin sonuna qədər bu sistemlə təmin ediləcək. Növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük”.
DOSTLARINLA PAYLAŞ: