Pensiyaların artımı ilə bağlı təkliflər hazırlanır
20 Fevral 2013 Çərşənbə 13:59
Səlim Müslümov: Hazırda DSMF-də sosial sığorta haqlarının toplanması üzrə proqnozlar artıqlaması yerinə yetirilir və pensiya artımının daha böyük olması üçün bu proses davam etməlidir.
Azərbaycanda pensiyaların artımı ilə bağlı təkliflər hazırlanır. Pensiyaların hansı aydan və hansı məbləğdə artırılacağı hələlik məlum deyil. APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, pensiya artımının hansı həcmdə olması DSMF-nin imkanlarından asılı olacaq. S.Müslümov bildirib ki, hazırda DSMF-də sosial sığorta haqlarının toplanması üzrə proqnozlar artıqlaması yerinə yetirilir və pensiya artımının daha böyük olması üçün bu proses davam etməlidir: «Artımın hansı aydan və hansı məbləğdə olacağı barədə bir söz deyə bilmərəm, amma biz bununla bağlı öz təkliflərimizi verəcəyik».
Fond rəhbəri bildirib ki, hazırda DSMF-nin maliyyə-büdcə şöbəsi bu proqnozlar üzərində işləyir: «Proqnozlar ona aid olacaq ki, artımlar hansı aydan və hansı məbləğdə olsa, DSMF-nin büdcəsi buna davam gətirər».
S.Müslümov xatırladıb ki, pensiya artımı sonrakı bütün dövrdə qüvvədə olduğundan, bütün məsələləri nəzərə almaq lazımdır: «Yəni tək bu ili düşünmək olmaz, ona görə də azı 3 illik proqnozlarımızda müvafiq variantları çıxarmaq lazımdır. Artıq ilk 2 ayın nəticələrinə görə fondun daxilolmaları proqnozları 15% üstələyir. Bu o deməkdir ki, bizə pensiya artımını təmin etmək üçün kifayət qədər vəsait daxil olacaq. İndi sonuncu variantlarla da tanış olandan sonra fondun adından öz təkliflərimizi ölkə rəhbərliyinə təqdim edəcəyik».
DOSTLARINLA PAYLAŞ: