Öz ölümünü lentə alan jurnalist haqqında dost xatirəsi
28 Avqust 2013 Çərşənbə 19:41
ANSPRESS TV-nin bu günkü qonağı Milli Qəhrəman, əfsanəvi jurnalist Çingiz Mustafayevin gənclik dostu Rasim Müzəffərli olub.
Avqustun 29-da Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi jurnalist, Birinci Qarabağ müharibəsinin şəhidi Çingiz Mustafayevin ad günü qeyd olunacaq. ANSPRESS TV-nin bu günkü qonağı Çingiz Mustafayevin gənclik dostu, yaradıcılıq yoldaşı Rasim Müzəffərlidir.
- Çingiz Mustafayev dedikdə Azərbaycanda çox geniş bir yaradıcılıq və qəhrəmanlıq hekayəsi başa düşülür. Və bu qəhrəmanlıq hekayəsində uzun illər siz onunla yanaşı addımlamısınız.
- Çingiz geniş əhatəli, çoxtərəfli yaradıcı bir insan olduğu üçün, nə qədər çox danışsaq da biz onun xarakterini, fəaliyyətini tam əhatə etmiş olmuruq. Mən, əvvala, çox sevinirəm ki, taleyim elə gətirib və Çingizlə dost olmuşam. İllərlə hər gün biz bir yerdə olmuşuq. Hətta biz bir neçə dostun belə bir fikri vardı ki, üç bacı tapıb evlənsəydik, həm də qohum olardıq. Çingiz Mustafayev ilk növbədə bizim Milli Qəhrəmanımızdır və öz ölmünü lentə alan jurnalistimizdir…
Çingiz hələ 1980-ci illərin birinci yarısında, Dəvəçidə həkim kimi fəaliyyət göstərən zaman Bakıda şəhər komsomolunun dəstəyi ilə Bakı Disko Mərkəzi adlı bir həvəskar birlik yaratmışdı. Bu birliyin əsas işi müxtəlif diskotekalar təşkil etmək idi. Çingizin əsas fəaliyyətlərindən biri də məhz onun diceyliyidir. Hətta demək olar ki, Azərbaycanda ilk diceydir. Niyə belə demək olar? Çünki Çingiz ilk diceydir ki, öz tədbirlərini Azərbaycan dilində aparırdı.
- Belə bir fikir var ki, türkcə ilk repi də məhz Çingiz Mustafayev ifa edib. Burada türkcə dedikdə bütün Türk Dünyası nəzərdə tutulur...
- Mən türk dili dedikdə, heç də Azərbaycan dili və Türkiyə türkcəsini eyniləşdirmək istəməzdim... Amma bu, heç də türkçülükdən kənara çıxmaq deyil. Biz nə qədər müxtəlifiksə, bir o qədər rəngarəngik, bizim gücümüz də bundadır. Yəni Azərbaycan türkcəsi ayrıdır, Anadolu türkcəsi ayrıdır. Amma həqiqətən də bütün Türk Dünyasında repi ilk dəfə türk dillərindən birində məhz Çingiz ifa edib...
Müsahibənin tam versiyasına videoformatda baxa bilərsiniz:
DOSTLARINLA PAYLAŞ: