Novruzda qatarlardan istifadə edən sərnişinlər üçün yenilik
13 Mart 2013 Çərşənbə 08:18
Bayram günlərində biletlərin satışında hansısa qanun pozuntusu olmasın deyə, xüsusi nəzarət komissiyası yaradılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 30-a yaxın əlavə vaqon qoşulacaq.
“Əsasən Novruz bayramından 1 gün əvvəl və 1 gün sonra qatarlarda sərnişin sıxlığının daha çox müşahidə olunacağı gözlənilir. Əlavə vaqonlar bütün istiqamətlərə qoşulacaq. Əsasən qərb, Bakı-Böyük Kəsik, Qazax, Gəncə, Gürcüstan istiqamətinə daha çox sərnişin sıxlığının olacağı gözlənilir”, - deyə N.Əzməmmədov bildirib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Biletlərin qiymətində isə heç bir artım olmayacaq. Bayram günlərində biletlərin satışında hansısa qanun pozuntusu olmasın deyə, xüsusi nəzarət komissiyası yaradılıb. Komissiya üzvləri biletlərin baha satılmaması üçün kassaların qarşısında, stansiyalardə nəzarət edəcəklər.
Bundan başqa, təhlükəsizliyin qorunması üçün də nəzarət gücləndiriləcək. Sərnişinlərin çoxluğunu nəzərə alaraq, vaqonlara minib-düşmək, sərnişinlərin səxsiyyət vəsiqələrinin diqqətlə yoxlanılması və digər məsələlər diqqətdə saxlanılacaq.
DOSTLARINLA PAYLAŞ: