Neqliyyat ve poçt tariflerinin indeksi artıb
18 Avqust 2013 Bazar 05:08
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşıb.
Ötən ay Azərbaycanda nəqliyyat və poçt tariflərinin indeksi artıb. ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, bu ilin iyul ayında nəqliyyat, poçt və rabitə tarifləri indeksi iyun ayına nisbətən 2,6 faiz ucuzlaşıb, keçən ilin müvafiq dövrünə nisbətən isə 0,9 faiz artıb. Rabitə tarifləri indeksi əvvəlki ayla müqayisədə dəyişməyib, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün bir kilometr məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5 faiz, tranzit üzrə isə 1 faiz ucuzlaşıb, idxal üzrə 3,1 faiz, yerli əlaqə üzrə isə 3 faiz bahalaşıb. Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2 faiz bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşıb, sərnişindaşıma tariflərində isə dəyişiklik müşahidə olunmayıb.

Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşıb. Hava nəqliyyatında yükdaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Boru kəməri ilə neftin nəql olunma tarifi də 7,3 faiz ucuzlaşıb.

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə isə əksinə 8,4 faiz bahalaşıb. Sərnişindaşıma tarifləri isə sabit qalıb.

Ay ərzində poçt və kuryer tariflərində dəyişiklik müşahidə olunmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar