Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq etdi
07 Avqust 2012 Çərşənbə Axşamı 11:36
Sürücülərdən nəqliyyat vasitələrini normadan artıq yükləməmələri tələb olunub.
Nəqliyyat Nazirliyi sürücülərdən tələb edir ki, nəqliyyat vasitələrini normadan artıq yükləməsinlər. ANS PRESS-in Day.Az saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin nəzdində fəaliyyət göstərən "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, həddən artıq yüklənmiş avtomobillər Bakı-Quba yolunda çatlar və çuxurların yaranmasına səbəb olub.

"Hazırda həmin yolda asfalt örtüyünün təzələnməsi işi gedir, lakin yol bağlanmayıb. Bakıdan Quba istiqamətində gedən yol o qədər də zədələnməyib, lakin Bakıya gələn yolda zədələr çoxdur və bərpaya ehtiyac duyulur. Hər bir avtomobilin özünün yüklənmə norması var. Bu normalara əməl etmək vacibdir. Əks halda həm yollar zədələnir, həm də avtomobilin özü xarab olur", - Mürsəliyev əlavə edib.

O, qeyd edib ki, 2009-cu ildə, iyul ayının 7-də Nazirlər Kabineti tərəfindən avtomobillərin yüklənmə norması təsdiqlənib.

"Bizim idarəmiz həmişə sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırır. Təəssüf ki, sürücülər çox vaxt bizim çağırışlarımıza qulaq asmırlar", - o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar