Murtuz Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb
07 Avqust 2012 Çərşənbə Axşamı 18:54
Azərbaycan rəhbərliyi Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovun vəfatı ilə bağlı nekroloq yayıb.
APA-nın məlumatına görə, nekroloqda bildirilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Murtuz Nəcəf oğlu Ələsgərov 2012-ci il avqustun 7-də ömrünün 84-cü ilində vəfat edib.

Murtuz Ələsgərov 1928-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olub.

Murtuz Ələsgərov Birinci, İkinci və Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri var. O, öz qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil edib.

Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edib. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi alıb. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun yetirmələri bu gün ölkəmizin hüquq mühafizə orqanlarında uğurla çalışırlar.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərib. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutub.

Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri və Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr verib. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri təqdirə layiqdir. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib.

Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib.

Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!”

Nekroloqu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri, Ramiz Mehdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, parlament sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, təhsil naziri Misir Mərdanov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2012-ci il avqustun 8-də
saat 15.00-dan 17.00-dək Mədəniyyət Mərkəzinin binasında
(Rəşid Behbudov küçəsi, 3) qoyulacaq. Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar