Müdafiə Nazirliyi intihar etmiş əsgərlə bağlı təkzib məlumatı yayıb
06 Avqust 2012 Bazar Ertəsi 13:34
N saylı hərbi hissənin bir neçə əsgəri Pərviz İsgəndərlini incitmişlər, nəticədə əsgər özünü asaraq öldürüb.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri İsgəndərli Pərviz Cahan oğlunun valideynlərinin KİV-də və mətbuat konfransındakı çıxışlarında oğullarının ölüm səbəbi barədə dediklərini təkzib edir.
Müdafiə Nazirliyi və Respublika Hərbi prokurorluğundan ANC PRESS-ə daxil olan birgə məlumatda deyilir ki, İsgəndərli Pərviz Cahan oğlunun xidmət etdiyi hərbi hissənin 4 zabiti tərəfindən döyülərək bədəninin muxtəlif yerlərinin sındırılması, onun qəsdən öldürülməsi və bundan sonra izi itirmək üçün asılması, əsgərlərin daxili orqanlarının satılması, eləcə də orduda digər qanunsuzluqların baş verməsi barədə söylədikləri həqiqəti əks etdirmir.
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu bildirir ki, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsgəndərli Pərviz Cahan oğlunun 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürməsi faktına görə həmin tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və zəruri ilkin istintaq hərəkətləri aparılıb.
İstintaqla müəyyən edilib ki, N saylı hərbi hissənin bir neçı əsgəri tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını kobud surətdə pozaraq 2012-ci ilin iyul ayı ərzində əsgər Pərviz İsgəndərlini incitmişlər. Nəticədə əsgər Pərviz İsgəndərli 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürüb.
Bununla bağlı olaraq əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi Mustafayevə və Sabir Musayevə 23 iyul 2012-ci il tarixdə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bəyanatda bildirilir ki, hal-hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir, istintaqın nəticəsindən asılı olaraq obyektiv və qanuni qərarın qəbul edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
DOSTLARINLA PAYLAŞ: