Moskvada “Bakıya uçuş” adlı müasir incəsənət sərgisinin açılış mərasimi keçirilib
Tədbirdə Rusiyanın nüfuzlu şəxsləri və dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar iştirak ediblər
Dünən Moskvanın məşhur "Multimedia Art Muzey"ində Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və "Baku" jurnalının birgə təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi" öz işinə başlayıb. AzərTAc xəbərində bildirir ki, Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların iştirak etdiyi açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib.
"Multimedia Art Muzey"in direktoru Olqa Sviblova və sərginin kuratoru Erve Mikaeloff çıxış edərək ekspozisiyanın əhəmiyyəti, nümayiş olunan əsərlərin bədii-estetik məziyyətlərindən danışıblar. Bildirilib ki, indiyədək London, Berlində və Parisdə nümayiş etdirilən sərgi Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamıdır.
Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb.
Azərbaycan rəssamlarının əsərləri 2007-ci ildən Venesiya Müasir İncəsənət Biennalesində mütəmadi olaraq sərgilənir.Bu baxımdan təkcə milli rəssamlıq ənənələrini deyil, həm də dünya incəsənətinin meyllərini incəliklə duyan Azərbaycan rəssamları Şərq ilə Qərbin sintezini məharətlə ifadə edir, geniş və məzmunlu mədəni dialoqun yaranmasına öz töhfələrini verirlər. Ekspozisiyaya daxil edilmiş əsərlər qədim tariximizdən, zəngin ənənələrimizdən, xalqımızın nəcib və incə hisslərindən müasir incəsənətin dili ilə söhbət açır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, "Kəpənək", "Bizim keçmişimiz", "Biri var idi, biri yox idi", "Yalan", "Tənhalıq" və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb olub.
Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri ən peşəkar tamaşaçıları belə heyran qoyub.
Sərgiyə gələnlər azərbaycanlı rəssamların ustalığını, geniş dünyagörüşünü, keçmişlə müasirliyi məharətlə sintez etmək bacarığını vurğulaması Azərbaycan dövlətinin, xüsusilə də Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə diqqət və qayğı ilə yanaşmasının daha bir təzahürüdür.
Sərgidə ziyarətçilərə Heydər Əliyev Fondunun hazırladığı rəssamların əsərləri əks olunan açıqcalar və kitabçalar paylanıb.