Milli Metbuat Günü
22 İyul 2013 Bazar Ertəsi 01:57
Mətbuatın yaranmasının 138 illiyi münasibətilə keçiriləcək mərasimdə mənzillərin açarları jurnalistlərə təqdim olunacaq.
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən 137 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bununla belə, jurnalistikamızda problemlər hələ də qalmaqdadır.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bina tikintisinə başlanılıb. Məlumata görə, həmin bina artıq hazırdır və sabah mətbuatın yaranmasının 138 illiyi münasibətilə keçiriləcək mərasimdə mənzillərin açarları jurnalistlərə təqdim olunacaq.

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı ANS PRESS adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar