Yay mövsümü insan bədəninin vitamin və minerallarla zənginləşdirmək üçün əla fürsətdi. Çünki, bu fəsildəki qədər meyvə çeşidi və miqdarı ilin heç bir vaxtı olmur. Bu isə o deməkdir ki, meyvələr yayda daha ucuz olmalıdır. Lakin paytaxt bazarlarındakı qiymətlərə nəzər salsaq, heç də bunu söyləyə bilmərik.
Əsəbindən hətta adını belə söyləməyən xanımı narahat edən məsələ yay mövsümü meyvələrinin qiymətinin "ceyran beli"nə qalxmasıdır. Xanım deyir ki, ötən illə müqayisədə bazarda qiymətlər "od tutub yanır". Meyvələrin qiymətindəki bahalıq isə müsahibim kimi digər alıcıları da narahat edirdi. Elə saatlarla əliboş bazarı gəzdiyni deyən Mübariz Məlikov da ucuz meyvə tapa bilmədiyindən ağızdolusu giley edirdi.
Ucuz meyvə axtarışında olan Mübariz Məlikov kimi digər alıcıların da fikirləriylə razılaşmayan satıcılar qiymətlərin münasib olduğunu deyirlər. Süni artım kəlmələrini eşidəndə isə daş atıb başlarını tuturlar. Meyvələrin qiymətinə gəldikdə isə bazarda meyvələri standart qiymətə satan satıcılar da var idi.
Nəzərə alsaq ki, bölgələrdə bu meyvələr ya ağacda qalır, ya da yerə tökülüb məhv olur, o zaman qiymətlərdə balansı gözləmək daha doğru olardı.