Mən adam tutdurmağı bacarmıram və heç kimi tutdurmaram
22 Aprel 2013 Bazar Ertəsi 02:49
Əgər kimsə cinayət edibsə, buna görə cəzasını çəkməlidir. Burda mənim adım niyə hallanmalıdır?
“Əgər bir insan səhv edibsə və səhvini boynuna alırsa, onu mən də bağışlayıram. Olur da, həyatdır, heç vaxt səhvsiz insan olmur. Bir səhv idi oldu, bitdi. Mən bağışlamağı bacaran adamam”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın böyük sənətkarı, deputat Zeynəb Xanlarova “Yeni Müsavat”a bildirib.
Zeynəb Xanlarova deyib ki, onun fikri birdir: “Mən ömrüm boyu sözün düzünü, həmişə içərimdən gələn sözü demişəm. Ömrü boyu xalqıma, millətimə, torpağıma bağlı insanam. Əgər mən xalqın sözünü, sözün düzünü deyirəmsə, gərək bunu başqa cür fikirləşməsinlər. Dediklərimi başqa cür qiymətləndirmək də lazım deyil. Mən olanı deyirəm ki, adımı bu məsələlərə qarışdırmayın. Çünki mənim belə məsələlərlə işim yoxdur. Mənimki oxumaqdır. Dediyim kimi, mən adam tutdurmağı bacarmıram və heç kimi tutdurmaram. Sadəcə istəmirəm ki, mənim adımla başqalarını bədbəxt eləsinlər. Əgər kimsə cinayət edibsə, buna görə cəzasını çəkməlidir. Elə isə burda mənim adım niyə hallanmalıdır? Mən gedib dünya ölkələrində bayrağımızı qaldırıram. Mənim adım belə yerlərdə olmalıdır”.
Z.Xanlarova deyiğb ki, Ə.Həsənovun dediyi kimi, o, özü də adı ətrafında yaranmış söz-söhbəti bitmiş sayır və mövzuya birdəfəlik nöqtə qoyur. Xalq artisti siyasi proseslərdən kənar olduğunu da bəyan edib: “Məni siyasətə qarışdırmasınlar. Düzdür, bir dəfə ölməz Heydər müəllimə dedim ki, mən siyasət bilmirəm. Qayıtdı ki, ən böyük siyasətçi sənsən ki, gedib Yaponiyada yapon mahnısı oxuyursan, bax, siyasət budur, Zeynəb xanım. Yoxsa siyasət o demək deyil ki, kim nə söz deyirsə, başqası da ona cavab verir. Dedi ən böyük siyasətçi sənsən ki, gedib dünyada bayrağımızı qaldırırsan, ”Azərbaycan" deyirsən. Deyirdi ki, sən 50 ildir səhnədəsən, böyük siyasətçi olduğunu dəfələrlə sübuta yetirmisən və bundan sonra da sübuta yetirəcəksən".
Xalq artisti ona qarşı tənqidi fikirlər səsləndirənlərə də reaksiya verib: “Bəzən gülməyim gəlir, elə adamlar mənim haqqımda danışır ki, onlar buna layiq deyillər. Kim düz söz deyirsə, mənim gözümün nurudur. Bir adam millət, torpaq, xalqımın haqqında xoş söz deyirsə, mən onun tərəfdarı olan Adamam. Ancaq heç kim fikirləşməsin ki, Zeynəb dönən adamdır. Zeynəbi döndərmək olmaz. Mən bu hakimiyyəti istəmişəm, nə qədər həyatda varamsa, onları öz ailəm hesab etməkdə davam edəcəyəm. Mən xalqıma, prezidentimə sədaqətliyəm, kimsə məni bu yoldan döndərə bilməz. Sadəcə, mənim bir arzum var. Bunu dəfələrlə demişəm, prezidentimin ətrafında bəzi adamlar var... Müxalifətin adı çıxıb. Əsl aləmi qarışdıranlar orda oturan bəzi şəxslərdir”.
DOSTLARINLA PAYLAŞ: