Mehriban Əliyeva yeni mənzil alan gənc ailələrlə görüşdü
26 Sentyabr 2013 Cümə Axşamı 20:12
Mehriban Əliyeva və qızları internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binasının və uşaq bağçasının açılışında iştirak edib.
Sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak edib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban xanım Əliyevaya bağçada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə ehtiyac yaranmışdı.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin iyul ayında başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaqdır. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcəkdir. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunmuşdur. Bağçanın ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.

Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak etmişlər.

Mənzillərlə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, valideyn himayəsindən məhrum bir qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə məktəblərində təhsil alaraq müxtəlif peşələrə yiyələnmişlər. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan bu gənclərin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

Bildirildi ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulmuşdur. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil vardır. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilmişdir. Binanın həyətyanı ərazisi yaşıllaşdırılmış, uşaq oyun meydançaları qurulmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdilər. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlandı. Bildirdi ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Yeni mənzillərin sahibləri də diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıq etdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar