Mehriban Əliyeva və qızı Arzu Əliyeva məsciddə
07 İyun 2013 Cümə 02:59
Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib.
Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

İmam Rza məscidi 1990-2005-ci illərdə əhalinin təşəbbüsü və birbaşa iştirakı ilə inşa edilib. Məscid qəzalı vəziyyətə düşdüyündən yenidənqurma işlərinin aparılmasına böyük ehtiyac yaranmışdı. Məsciddə yenidənqurma işlərinə Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin sentyabrında başlanılıb. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu il martın 1-də Binə qəsəbəsində olarkən məsciddə aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. İmam Rza məscidində aparılan yenidənqurma işləri bu ilin mayında başa çatdırılıb.

Azərbaycanın birinci xanımı İmam Rza məscidində yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin ümumi sahəsi 1800 kvadratmetrdir. Məscidin hasarı tamamilə sökülərək yenidən tikilib, darvaza və metal barmaqlıqlar dəyişdirilib. Məscidin əsas binasının bünövrəsində bərkitmə-gücləndirmə və izolə işləri aparılıb. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılıb. Qapı və pəncərələr dəyişdirilmiş, divar və tavanda bəzək-tərtibat işləri aparılıb.

Diqqətə çatdırılıb ki, məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkündür. Burada istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb. Məscidə gələn qadınlar isə ikinci mərtəbədə ayrılmış yerdə ibadət edə biləcəklər.

Məscidin axundu hacı Həsən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “Qurani-Kərim” hədiyyə edib.

Mehriban xanım Əliyeva məscidin mərasim zalı ilə də tanış olub. Bildirilib ki, bu zalda da istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb. Binaların dam örtükləri sökülüb, hündürlüyü artırılıb. Bütün binalarda suvaq və elektrik kabelləri təzələnib. Mətbəx və köməkçi sahələr müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub. Məscidin istilik sistemi, isti və soyuq su xətləri yenidən quraşdırılıb. Məscidin əsas binasının, minarənin, köməkçi binaların, hasarın fasadları və şəbəkələri layihəyə uyğun olaraq daş lövhələrlə üzlənib.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin sakinləri ilə görüşüb. O, deyib: “Mən çox şadam ki, belə nəcib iş Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, Fond fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə, dini abidələrin qorunub saxlanılmasına, milli ənənələrimizə, dəyərlərimizə hörmətlə yanaşmaq fəaliyyətimizin əsas istiqamətlərindən biri oluşb. Ona görə bu gün belə bir xoş gündə mən sizin hamınızı təbrik edirəm və sizi görməyə çox şadam”.














DOSTLARINLA PAYLAŞ:

oyunlar