Masazırda qarajda içməli sudan qanunsuz istifadə faktı aşkarlanıb
13 Avqust 2012 Bazar Ertəsi 18:06
Azərsu ASC içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, nəzarət tədbirləri ilə yanaşı smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi belə halların aşkarlanmasını asanlaşdırır.

«Azərsu» ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Elşad Abdullayevə məxsus qarajda içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, cari ilin iyun ayında obyektdə smart-kart tipli su sayğacı quraşdırılsa da ötən müddətdə heç bir ödəniş aparılmayıb, qarajın yerləşdiyi ərazidə fəaliyyət göstərən avtoyuma, kafe və avtomobil təmiri sexləri içməli sudan qeyri-qanuni istifadə edib. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, burada 2 ədəd 15 mm və 1 ədəd 32 mm diametrli borularla qeyri-qanuni çəkilmiş su xəttindən istifadə olunur.

Bununla əlaqədar fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə «Azərsu»ya dəymiş zərər qiymətləndiriləcək və fiziki şəxs E.Abdullayevə qarşı cərimə tətbiq olunacaq.

Qeyd edək ki, həmin obyektin sahibi içməli sudan qeyri-qanuni istifadə etdiyinə görə bundan əvvəl də cərimə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar