Külək Gəncəyə ciddi ziyan vurdu
14 Mart 2013 Cümə Axşamı 03:33
Bir neçə küçə və prospekt işıqsız qalıb, işıqforlar işləməyib, yollarda tıxaclar yaranıb.
Ötən gün günorta saatlarından başlayan külək Gəncə şəhərinin bir neçə yerində yaşlı ağacların aşmasına səbəb olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhərin Həmid Rüstəmov küçəsindəki həyət evinin dam örtüyü də güclü küləyə tab gətirə bilməyib. Pakizə Məmmədovaya məxsus evin dam örtüyü təxminən 100 metr uçaraq qonşusu Nəsrəddin Quliyevin həyətinə düşüb. Nəticədə Nəsrəddin Quliyev ayağından yüngül xəsarət alıb. Həyətdəki meyvə ağacları da qırılıb.

Güclü külək Gəncənin bir neçə küçə və prospektini də işıqsız qoyub. Bəzi küçələrdə işıqforların bir neçə saat işləməməsi avtomobil yollarında tıxacların yaranmasıyla nəticələnib.

Külək qərb zonasının digər rayonu Göygöldə də fəsadlara yol açıb. Rayon sakini Elnarə Rəsulovaya məxsus həyət evinin hasarı uçaraq avtomobilin üzərinə düşüb. Evə də ziyan dəyib.

Gəncə Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti qərb zonasında bu gün günorta saatlarınadək davam edəcək.







DOSTLARINLA PAYLAŞ:

oyunlar