Kəmaləddin Heydərovdan Pakistana yardım təklifi
26 Sentyabr 2013 Cümə Axşamı 18:48
Nazir Pakistanın Azərbaycandakı səfiri cənab İkramullah Mehsudu qəbul edib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İkramullah Mehsudu qəbul edib.
ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti səfirin diqqətinə çatdırılıb.
Nazir Pakistanın Bəluçistan əyaləti yaxınlığında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfir cənab İkramullah Mehsuda başsağlığı vermiş və zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin aparılması və digər yardımların göstərilməsini təklif etmişdir.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən yardımın göstərilməsi təklifini yüksək qiymətləndirmişdir. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
DOSTLARINLA PAYLAŞ: