İşsiz gənc qalmayacaq
27 Fevral 2013 Çərşənbə 08:08
Ekspertlər hesab edir ki, işsizlik probleminin kökündən həlli üçün orta təhsil sistemi dəyişdirilməlidir.
Keçən il Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı normativləri əsasında hesablanan işsizlik səviyyəsi azalaraq 5 faizə yaxınlaşıb və orta maaş göstəricisi artaraq 400 manata yaxınlaşıb. Yəni yetərincə müsbət mənzərədir. Amma bununla belə, bu müsbət dəyişimin gənclər arasında müşahidə olunan işsizlik mənzərəsinə elə də bir təsiri olmayıb. Amma Azərbaycan gəncləri, xüsusi ilə də məktəbi yeni bitirənlər arasında iş tapmaq çətinliyi qalmaqdadır. Bunu işə düzəltmə saytlarına iş axtarışı üçün yerləşdirilən elanlar da göstərir. ANS PRESS-in araşdırmasına görə, bu saytlarda iş axtaran gənclərin əksəriyyətinin yaşı 20-24 arasında dəyişir və onların aylıq maaş istəkləri əsasən 300 manatı keçmir. Bir çoxları 200 manatlıq, bəziləri isə hətta 100 manatlıq iş istəyi ilə elan yerləşdirirlər.
Dünya maliyyə böhranının Azərbaycana təsirlərini öyrənən İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) də əmək bazarını araşdırıb və qurumdan verilən məlumata görə, böhrandan sonra ən çox əziyyət çəkənlər məhz əmək bazarına yeni daxil olanlar, yəni yaşı 20 ətrafında dəyişən gənclərdir. İTM-in tədqiqatına görə, işsizlik səviyyəsi xüsusilə də gənc qadınlar arasında daha yüksəkdir. İTM rəhbəri Qubad İbadoğlu bunu əmək bazarına yeni daxil olan gənclərin ixtisas səviyyəsinin aşağı olması ilə izah edir. «Hər il Azərbaycanın orta məktəblərini 100 minə yaxın gənc bitirir və onların 70 minə qədəri heç bir ixtisasa yiyələnmədən əmək bazarına daxil olur»,- deyə Qubad İbadoğlu vurğulayır.
Təbii ki, orta məktəbi bitirən və instituta girməyən gənclərdən əsasən oğlanlar iş axtarışına başlayır, qızlar isə bir qayda olaraq ya ailə qurur, ya da valideyn evində oturaraq ərə gedəcəyi günü gözləyir. Təbii ki, öz istəyi ilə evdə oturan gınc qızlar əmək qabiliyyətli olsa da, ölkə üzrə işsizlik səviyyəsi göstəricisinə təsir göstərmirlər. Çünki Beynəlxalq Əmək Təşkilatının normativlərinə görə, işsiz o adam sayılır ki, işi olmasın, iş axtarsın və işə girməyə hazır olsun. Azərbaycanda hazırda yaranmış vəziyyət elədir ki, ailələr təhsili olmayan qızların işə getsməsinə o qədər də hazır deyil. Çünki bu qızların məşğul olacağı işlər əsasən xidmət sektorundadır ki, ailələr buna hazır deyillər.
İxtisas hazırlığı olmayan oğlanlar isə əsasən tikinti sektorunda iş tapa bilir ki, bu sektorda işlər daimi deyil. Yəni iş yeri bağlandıqda, həmin gənclər işsiz qalır. Bu gəncləri inşaat sektorunda görə biləcəyi işlər də azdır, çünki orada əsasən ixtisaslı inşaatçılar - bənnalar, suvaqçılar, rəngsazlar, kafel ustaları tələb olunur ki, bu işləri bacaran mütəxəssislər illərlə yetişir. Tikintidə yeni texnologiyaların gəlməsi işsizliyi artırır. Buna görə də iş axtaran gənclər əsasən qul bazarına çıxır və qara işlər görmək üçün öz əmək qüvvələrini təklif edirlər. Bunu etməyi bacarmayanlar və ya buna ehtiyac duymayanlar isə yaxın qohumlarının himayəsindən istifadə etməyə məcbur olurlar.
Təsadüfi deyil ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, Azərbaycanda gənclərin təxminən 24%-i, yəni iş axtaran 4 gəncdən biri bu qurumun normativlərinə görə işsizdir. Azərbaycanın Gənclər və İdman Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə işsizlərin 57 faizi gənclərdir. Neftdən kənar bölmənin sürətlə, ildə təxminən 10 faizə yaxın artmasına baxmayaraq, bu gənclərin həmin sektorda da yer alması ehtimalı aşağıdır.
İTM rəhbəri Qubad İbadoğlu bunu həmin sektorlarda açılan iş yerlərinə uyğun kadrların olmaması ilə izah edir: «Bu xüsusilə texniki sektorda özünü göstərir - mühəndislər, konstruktorlar, yeni informasiya texnologiyaları sahəsi üzrə mühəndislər yoxdur». İqtisadçı ekspertin fikrincə, bütün bunlar əmək bazarı ilə təhsil bazarı arasında birbaşa əlaqənin olmaması, ölkədə ixtisaslı kadrların bazarın tələblərinə uyğun hazırlanmaması ilə bağlıdır.
Qeyd edək ki, bu vəziyyət ali təhsilli gənclər arasında xüsusilə özünü göstərir. Bu gənclərin əksəriyyəti sonradan ixtisasını dəyişməyə məcbur olur. İndi Bakıda ali təhsilli gömrükçü-şüşəsalanlar, hüquqşünas-mebel yığanlar, elektronçu-balıqçılar ordusu yaranıb. Ali məktəblərdə iş bazarında lazım olmayan belə ixtisaslar çoxdur və çox vaxt tətbiqi olmayan bu peşələrdən nə dərs keçən müəllimlərin, nə də 4 ili başa vurmuş məzunların anlayışı olmur. Bəzən də ali təhsil almış mütəxəssislər yeni açılan iş yerlərində fəhlə kimi iş tapırlar və bundan çox sevinirlər. Məsələn, Sumqayıtın Texnoloji Parkında açılmış yeni bir iş yerində fəhlələrin əksəriyyəti ali təhsilli elektronika mühəndisləridir ki, onlar bu işi tapmaqda bəxtlərinin çox gətirdiyini deyirdilər - ən azından ixtisasa uyğun olduğuna görə. Halbuki, sovet dövründə həmin işlər üçün texniki-peşə məktəbi savadı da yetərli idi.
Məhz buna görədir ki, İTM rəhbəri Qubad İbadoğlu Azərbaycanda orta təhsil sisteminin dəyişdirilməsini vacib sayır. Onun fikrincə, gənclər orta məktəbi qurtaranda həm də ixtisaslı kadr kimi yetişməlidir, bunun üçünsə 12 illik təhsil sisteminə keçmək vacibdir. Bu məsələnin regionlar üzrə ixtisaslaşdırıması da mümkündür ki, gənclər böyüdükləri bölgəni tərk etmədən özləri üçün iş yerləri qura bilsin. Yəni orta məktəbi bitirən gənc artıq mexanizator, sürücü, barama mütəxəssisi, xarrat, dülgər, bənna və s. kimi ixtisaslara yiyələnə bilərlər.
Qeyd edək ki, bu kimi problemlərin həlli yeni yaradılan Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin fəaliyyəti çərçivəsində mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılacaq agentlik əmək ehtiyatlarından daha dolğun istifadə edilməsi, işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması, əmək bazarında ehtiyac duyulan bacarıqların müəyyən olunmasının təmin edilməsi ilə məşğul olacaq.
DOSTLARINLA PAYLAŞ: