İmişlidə neftlə çirklənmiş gölməçələr ətraf mühitin ekologiyasını ağır vəziyyətə salıb
06 Avqust 2012 Bazar Ertəsi 13:33
“Muradxanlı” neft yatağının ərazisində neftlə çirklənmiş gölməçələr ətraf mühitin ekologiyasını ağır vəziyyətə salıb.
 Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Məmmədli kənd sakinləri məlumat verib. Onların bildirdiyinə görə, təxminən 3 min kvadratmetr ərazidə yaranmış neft gölməçəsi ətrafın ekoloji durumunu ağır vəziyyətdə saxlayır. Ərazinin flora və faunası üçün ciddi təhlükə yaradan neftli gölməçələrdən həm də ətrafa üfunətli qoxu yayılır. Gölməçələrdən kənd yolu ilə ayrılan əks tərəfdəki ərazilərdə çöl quşlarının məskunlaşdığı çoxsaylı qamışlı və balıqla zəngin olan gölməçələr mövcuddur.

“Aran” İnsan Hüquqları Resurs Mərkəzinin könüllüləri tərəfindən İmişlinin “Muradxanlı” neft mədənində ekoloji vəziyyətin monitorinqi aparılıb.
Monitorinq iştirakçıları Məmmədli kəndinin ərazisində yerləşən neft mədəninin ətrafında yerləşən neftlə çirklənmiş su gölməçələrinin mövcudluğunu və ekoloji durumun acınacaqlı olmasını təsdiqləyiblər. Monitorinq iştirakçıları əlaqədar təşkilatları xəbərdar edir ki, gölməçələrdə hər an yanğn təhlükəsi yarana bilər.

Qeyd edək ki, ərazidə “Azneft” İstehsalat Birliyinin tabeliyində olan “Muradxanlı İriləşdirilmiş Neft Mədəni” struktur vahid kimi fəaliyyət göstərir. Mədən isə 1970-ci ildən istismar olunur və sutkalıq hasilat gücü 85 tona yaxındır.

7 saylı İmişli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Nəvaşir Bəşirov yaranmış ekoloji problemlə əlaqədar nazirlik tərəfindən adı çəkilən təşkilata qarşı cərimə tətbiq olunduğunu və xəbərdarlıq edildiyini bildirib: “Ekspertlər tərəfindən gölün təmizlənməsi üçün rəy verilib. Yaxın aylarda göl qurudularaq neft məhsullarından təmizlənəcək. Gölün ərazisi isə torpaqla doldurulacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar