İlin sonunadək Azərbaycanda 460 mindən artıq mənzil qazlaşdırılacaq
27 İyul 2012 Cümə 16:00
Azərbaycanda əhali abunəçilərinin 76,2%-i qazlaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 1-i tarixinə ölkədə 1 403 049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2%, o cümlədən Bakı şəhərində 632 068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2%, regionlarda 770 min 981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2% təşkil edib.
“Azəriqaz” İstehsalat Birliyinin əsas strateji hədəflərindən biri dövlət proqramlarında qaz təchizatı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və respublikanın qazlaşma səviyyəsinin 2013-cü ilin sonuna qədər 95%-ə çatdırılmasından ibarətdir. Belə ki, 2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması nəzərdə tutulub.
«Şəbəkənin nəqletmə imkanlarının artırılması və təhlükəsiz istismarının təmin olunması, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mövcud daşıyıcı və paylayıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması, kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üçün 2012-2013-cü illərdə icrası nəzərdə tutulan layihə hazırlanıb» - deyə məlumatda bildirilir.
Əsasən respublikanın bütün bölgələrini əhatə etməklə layihəyə 32÷530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25÷400 mm diametrli 19 377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 463 514 ədəd qaz sayğacının (o cümlədən 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415 369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20÷25 mm diametrli 20 896 km boru xəttinin quraşdırılması, 439 189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması daxildir. Bu layihənin icrası üçün müqavilə imzalanıb, müqavilə şərtlərinə uyğun olaraq respublikanın bütün regionlarında qazlaşma, təmir-bərpa və yenidənqurma işlərinin icrasına başlanılıb.
DOSTLARINLA PAYLAŞ: