İlham Əliyev: : "Olimpiya, dünya, Avropa çempionlarımız bizim qəhrəmanlarımızdır"
08 Noyabr 2012 Cümə Axşamı 23:02
"Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir"
"İyirmi il əvvəl Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Hamımız yaxşı bilirik ki, müstəqilliyimizin ilk illəri nə qədər ağır keçmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, xaos, böhran, anarxiya, iqtisadi tənəzzül istər-istəməz idman sahəsinə də öz mənfi təsirini göstərib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar başlayıb. Dövlət siyasəti ortaya qoyulub və bütün sahələrdə olduğu kimi, idman sahəsində də biz uğurlara nail ola bilmişik". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim də deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti idmanın inkişafına geniş prizmadan yanaşır və kompleks tədbirlər görür: "Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyil ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilib. Bu, özlüyündə bir göstəricidir. İdmanla məşğul olan, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar, bir daha qeyd etmək istəyirəm ki, vahid siyasət çərçivəsində fəaliyyət göstərirlər. Deyə bilərəm ki, Azərbaycan o nadir ölkələrdəndir ki, burada idman nazirliyi, Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri arasında heç bir anlaşılmazlıq yoxdur. Əksinə, maksimum dərəcədə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək vardır. Çünki bu, bizim ümumi işimizdir".
İlham Əliyevin sözlərinə görə, dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir: "Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur. Mən çox şadam ki, vaxtilə Milli Olimpiya Komitəsinin təşəbbüsü kimi yaranmış bu proqram artıq ölkə üzrə geniş vüsət alıb. Birinci olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılıb. Ondan sonra Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verilib, 8 kompleksin tikintisi davam edir. Beləliklə, yaxın gələcəkdə elə bir şəhər qalmayacaq ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək öz peşəkarlığını artırırlar".
"Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir. Olimpiya, dünya, Avropa çempionlarımız, sözün əsl mənasında, bizim qəhrəmanlarımızdır və cəmiyyətdə onlara olan sevgi, məhəbbət və hörmət çox yüksək səviyyədədir. Bu, dövlət siyasəti olaraq, eyni zamanda, cəmiyyətdə idmana, idmançılara olan müsbət münasibətin təzahürüdür. Bu gün idmançılarımız cəmiyyətimizin çox dəyərli üzvləridir. Mən çox şadam ki, bizim görkəmli idmançılarımız - Olimpiya, dünya, Avropa çempionlarımız həyatda nümunədirlər. Bu, belə də olmalıdır. Çünki onların hərəkətləri, fəaliyyəti, Vətənə olan bağlılığı, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə xidmət göstərir", - Prezident deyib.
İlham Əliyev məlumat verib ki, Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakımız 1996-cı ildən başlanıb: "Əgər dinamikaya nəzər salsaq görərik ki, hər dəfə uğurlarımızı artırmışıq. Bizim komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə, 10 medal - onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür,- qazanıb. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülüb, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutub. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir".
"Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır", - dövlət başçısı bildirib.
DOSTLARINLA PAYLAŞ: