İlham Əliyev Lənkəranda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
31 İyul 2012 Çərşənbə Axşamı 12:11
Dövlət başçısı Heydər Əliyev xatirə parkında da olub.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib. Dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılıb. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait var.

Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev iyulun 31-də Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olmuşdur. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənmişdir.

Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində ulu öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür.

Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da vardır.

Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif vardır.

Binada yaradılan tədqiqatçılar qrupunda ümummilli lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı ulu öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmışdır.

Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.

Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar