Heydər Əliyevin hakimiyyətə gəlməsindən 43 il ötür
14 İyul 2012 Şənbə 13:46
Heydər Əliyev Azərbaycanı SSRİ bostanından nəhəng sənaye ölkəsinə çevirdi.
Bu gün ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 43 il ötür. Heydər Əliyev hakimiyyətə gəlişi ilə xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu.
Heydər Əliyev Azərbaycanı SSRİ bostanından nəhəng sənaye ölkəsinə çevirdi. Bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, məişət kondisionerləri zavodu, bu gün adını daşıyan əsas hava limanı və adlarını çəkmədiyimiz yüzlərlə bina Heydər Əliyevin dəst-xəttidir.
Cəmşid Naxçıvanski adına hərbi məktəbin məhz Azərbaycanda tikilməsi Heydər Əliyevin respublikanın müstəqil gələcəyinə hesablanmış bir addım idi. O bu yolla Azərbaycanın müdafiə sistemini onun özündə və öz kadrları hesabına təmin etmək niyyətini həyata keçirirdi. Heydər Əliyev Azərbaycan gənclərini xaricə, dünyanın inkişaf etmiş ali məktəblərinə oxumağa göndərəndə də uzağı düşünürdü.
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi.
Heydər Əliyev işdən ibarət bir ömür yaşadı. Ən böyük işi isə Azərbaycan oldu.