Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı ilkin versiya açıqlandı
21 İyul 2012 Şənbə 10:47
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev: İlkin ehtimala görə yanğın qaynaq işləri görülən zaman baş verib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ötən gün saat 11:30 radələrində Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı ilkin ehtimal səsləndirib. Onun sözlərinə görə, FHN-in “112” xidmətinə daxil olan məlumata əsasən dərhal hadisə yerinə FHN-in texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi zamanı 2 helikopterdən də istifadə edilib.
“Yanğın 2 saata qədər davam edib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülmüşdür. Onu da qeyd etmək istəyirəm ki, muzeyin çardağının alt hissəsinə zərər dəyməyib. İlkin ehtimala görə yanğın qaynaq işləri görülən zaman baş verib. Hazırda araşdırma aparılır”, - deyə Etibar Mirzəyev vurğulayıb.
Qeyd edək ki, müvafiq qurumların rəhbərləri hadisə yerində olublar. Yanğının söndürülməsi üçün FHN-in xeyli yanğınsöndürən maşını, canlı qüvvəsi və iki helikopteri, həmçinin təcili tibbi yardım briqadası cəlb edilib. Yanğının operativ söndürülməsi nəticəsində Heydər Əliyev Mərkəzinin tavanından başqa binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.
DOSTLARINLA PAYLAŞ: