Güclü dolu və leysan Azərbaycanın bir sıra rayonlarına ciddi ziyan vurub
11 Sentyabr 2012 Çərşənbə Axşamı 14:33
Dünən axşamdan başlayaraq yağan güclü dolu və leysan Azərbaycanın Şamaxı, Ağsu, Qəbələ, İsmayıllı, Göyçay rayonlarına ciddi ziyan vurub.
APA-nın xəbərinə görə, Şamaxı şəhərinin 10-a yaxın küçəsini sel basıb. Həyətyanı sahələr, evlərin zirzəmiləri su və lillə dolub. Selin gətirdiyi böyük daşlar 3 küçədə avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Ağsu çayına güclü sel gəldiyi üçün Şamaxının Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədil kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Güclü külək və dolu elektrik naqillərini qırıb, dirəkləri aşırıb. Rayonun dağ kəndlərinə və şəhərin bəzi hissələrinə elektrink enerjisinin verlişi dayandırılıb.
Ağsu rayonunun Kalva, Dilman, Xatman, Hacıman, Suraxanı, Qəbələnin Kiçik Əmili, Hacallı, Molla şıxılı, Zağam, Bum, Duruca kəndlərinə də elektrik enerjisinin verilişi dayandırılıb, yolları su yuyub.

İsmayılı və Göyçay rayonlarının bəzi kəndlərində isə sel küçələri və həyətyanı sahələri basıb. Həyətyanı təsərrüfatlara ciddi ziyan dəyib. Göyçay şəhərinin əksər küçələrində keçilməz su gölməçələri yaranıb.

Qəbələ rayonunun bir sıra fərdi təsərrüfatlarda iri və xırdabuynuzlu heyvanların itkisi qeydə alınıb.

Aramsız yağışlar Azərbaycanın şimal-qərb bölgəsində də ciddi fəsadlar yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gündən yağmağa başlayan yağış hələlik fasilə verməyib. Nəticədə Şəkidə bir neçə kəndi sel basıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Bolludərə və Qaratorpaq kəndlərini su basıb. Xeyli sayda mal-qara tələf olub, taxıl anbarı yararsız hala düşüb.

Bundan başqa, bölgədə müşahidə olunan aramsız yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb, daşqınlar yaranıb. Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda aramsız yağışlar nəticəsində bölgəyə dəymiş ziyan hesablanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar