Goranboyda fəhlələrin əmək haqqını ödəməyən iş adamı həbs edildi
12 Mart 2013 Çərşənbə Axşamı 14:10
Müqayis Verdiyevə qarşı səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri ilə ittiham irəli sürülüb.
Bir neçə gün əvvəl Goranboyda keçirilmiş etiraz aksiyalarının səbəbkarı qismində adı hallanan iş adamı Müqayis Verdiyev həbs edilib. Bu barədə APA-ya Goranboy Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, M.Verdiyevə qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (mənimsəmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi KİV-də Goranboyda kütləvi etiraz aksiyalarının keçirilməsi barədə məlumatlar yayılıb. Bu barədə yayılan informasiyalara münasibət bildirən Rayon İcra Hakimiyyəti bəzi KİV-də Goranboy rayonunda aksiyaların keçirilməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını və rayonda heç bir aksiyanın keçirilmədiyini açıqlayıb. İcra Hakimiyyətinin yaydığı məlumatda həmçinin qeyd edilir ki, Goranboy şəhərində aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördüyü işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib: “Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tam ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M. Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M. Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər”.

Məlumatda həmçinin bildirilir ki, M.Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərir. Yuxarıda qeyd edilən hadisə də bu cəhdlərin tərkib hissəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar