FHN tikinti şirkətlərinə xəbərdarlıq edib
26 Sentyabr 2012 Çərşənbə 17:18
Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müşavirədə respublikada tikinti sektorundakı vəziyyət, lisenziyalaşdırma, bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması, problemlər və perspektiv məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tikinti sektorunda sürətli inkişafa nail olunduğunu vurğulayıb. O, ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunaraq, tikinti obyektlərində rast gəlinən çatışmazlıqlardan, həlli vacib məsələlərdən danışıb, bu sahədə təkliflərini dilə gətirib.

Müşavirədə tikinti şirkətlərinin rəhbərlərinə bildirilib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox halda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

Müşavirə iştirakçılarının nəzərinə o da çatdırılıb ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edilmiş və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun təsdiq edilib. Həmin qanunun tətbiqi barədə Azərbaycan prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli 246s nömrəli sərəncamı ilə aidiyyəti dövlət orqanları, o cümlədən FHN-ə müvafiq tapşırıqlar verilib və bununla bağlı lazımi tədbirlər həyata keçirilməkdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar